Orkhan Zeynalli
5 Günlük Dünya
[Bənd 1]
Mən böyüməmişəm yetim ailəsində
Bilmirəm, nədir şəhid oğlu olmaq, ailəni tək saxlamaq
İtirməmişəm doğma heç kimi
Bilmirəm, nədir ölmüş qardaşın otağında tək ağlamaq
Bilmirəm, nədir səngərdə olmaq soyuqda, qışda
Bilmirəm, nədir qalmaq çöldə Günəşdə, yağışda
Qəddar müdirə dözməmişəm çörək qazanmaq üçün
Qardan yastıq düzəltməmişəm rahat uzanmaq üçün
Bilmirəm, nədir ölümcül xəstə olduğun kağızı almaq
Bilmirəm, nədir palçığı susuzluqdan ağıza almaq
Ölümlə üz-üzə olmaq, yanan maşında olmaq
Ya da maşında yanan sevgilinin yanında olmaq
Mənim həyatımda olmayıb mənə nifrət edən anam
Olmayıb düşmən qardaşım, məni atıb getməyib atam
Bilmirəm, nədir bələkdə ikən özgə əllərə düşmək
Bilmirəm, nədir varlı olub, sonra pis günlərə düşmək

[Nəqərat]
Həyat tez keçir, bəzən bizdən yan keçir
Həyat can verir, ölüm üçün yer seçir
Biz isə bir ümidin hər əlini zəbt etdikcə
Ümid dil açıb bizə deyir "Əl çəkin!"

Həyat tez keçir, bəzən bizdən yan keçir
Həyat can verir, ölüm üçün yer seçir
Biz isə bu həyatın hər ilini məhv etdikcə
Həyat dil açıb bizə deyir "Əl çəkin!"
[Bənd 2]
Həyatım çətin olmayıb, razıyam, sıradan biriyəm
Bəlkə də, başqa həyatı yaxşı işıqlandıran biriyəm
23 ildir diriyəm, bilmədiyim çox şey var
Həm də ki bildiyim və gizlətdiyim çox şey var
Bilirəm, körpə ikən evdə göz yaşı içində
Dalaşan ata ilə ananın arasında durmaq nədir
Bilirəm, uşaq beyni, cəmi 20 yaş içində
4 divar arasında ümidsiz xəyal qurmaq nədir
Bilirəm, yaşıdların qaçanda, topla oynayanda
Onlara həsrətlə baxıb ürəyi xəstə olmaq nədir
Bilirəm, evə gələn məktubları oxuyanda
10 il sevdiyinin toyuna dəvət almaq nədir
Hə, bir də susmaq nədir ədalətsizliyi görə-görə
Dostunu itirmək nədir içkiyə, nəşəyə görə
Və əllər açılır göyə hər dəfə Allah üçün
Bilirəm, ancaq dar gündəki duadan utanmaq nədir

[Nəqərat]
Həyat tez keçir, bəzən bizdən yan keçir
Həyat can verir, ölüm üçün yer seçir
Biz isə bir ümidin hər əlini zəbt etdikcə
Ümid dil açıb bizə deyir "Əl çəkin!"

Həyat tez keçir, bəzən bizdən yan keçir
Həyat can verir, ölüm üçün yer seçir
Biz isə bu həyatın hər ilini məhv etdikcə
Həyat dil açıb bizə deyir "Əl çəkin!"