Okaber
Dənizin İntiharı
(5 Dekabr - Günəşli neft yatağında
Baş vermiş qəzada həyatını itirmiş
Neftçilərimizə ithaf olunur)

Atasan bu dənizə özünü, o qədər boğulasanki
Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni
Ancaq yuxularda gələsən görüşlərə
Yada ki, içdiyin zəhrimarlar qurutsun səni..

Atasan bu dənizə özünü, (o qədər boğulasanki)
Fəryadın, qovuşsun haraylara
Son dəfə həsrətlə baxasan qağayılara

Atasan bu dənizə özünü, çırpılasan qayalara
Yazdığım bütün şeirləri də yırtıb aparasan
Bu yarımadanın bağrından natamam qalan
Bütün sevgiləri də dartıb aparasan!

Atasan bu dənizə özünü, heçkəslə barışmadan
Güvəndiyin dağların qarı dumana qarışmadan
Varlı-kasıb yarışmadan çıxartmadan təmizə düzünü
Siqareti yarım çəkib, atasan bu dənizə özünü..

Mavilərdən iyrənib, dostuna çevriləsən mavi ləpələrin
Görəsənki, mavi dalğalar necə səpələnir
Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan
Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı
Pıçıldayasan bu cümləni:
Sən varsan varam
Sən yoxsan yoxam!
-Necə də gülməli

Atasan bu dənizə özünü, qürura toxunmadan
Onsuzda yox olmusan, daha da yox olmadan
Dostlarla da artıq getməyəsən çiyin-çiyinə
Bir də, həmin saçların ətrini dəyişəsən dəniz iyinə..

Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi
Onunla mən: Məkkə və Mədinə, Dəclə və Fərat kimi
Onsuzda əbədiyyət heç vaxt sevməmişdi, əbədiləri! (heç vaxt..)
Bizimsə dualarımız açıq havalardan titrədirdi müqəddəs sayılan məbədləri

Atasan bu dənizə özünü, heç kəs oyanmadan
Sübh namazından öncə, azan dayanmadan
Yağış yağmadan, ya da yağış əvəzinə, daş yağmadan
Qurunun oduna yaş yanmadan.. yalanlarla baş aldadan
Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü

Sevgilər də saxlayasan salam-sağollarda
Əlvidalara çatmamış saxlayasan yarı yollarda
Mən isə darıxdım, səslədim səni..
Yemək sırasını səbrsiz gözləyən
Kimsəsiz uşaq kimi səbrsiz gözlədim səni..
(Atasan bu dənizə özünü...)