Qaraqan
Film Portret

Ümumiyyətlə, axırıncı illər çox şey dəyişdi. Beynimdə, ətrafımdakı insanlara münasibətimdə...
Böyük səhnədən, alqışlardan qaçıb hardasa başqa bir dünyada gizlənmək.
Yenidən başlamaq və kənardan elədiklərimə baxmaq. Bu şəhərdən uzaqda, puldan, qaşqabaqlı piyadalardan...
Tərtəmiz bir dünyada özünü dərk eləmək və sevgi, nifrət... bunların hamısını sevərək qəbul eləmək.
Və bütün bunlar bir oyunun hissəsidir, ayrılmaz parçalarıdır. Yəqin ki, hər kəsin bir taleyi və borcu var Tanrı qarşısında... Allah qarşısında bu yükü, bu məsuliyyəti hiss eləmək və bu xalq üçün yazmaq, nəsə axtarmaq və sonra nəsə tapmaq.
Bunlar boş adamlar üçün gülməli gəlir, mənasız gəlir. Onları qınamaq olmaz.
Musiqini hiss etmək və yazarkən keçirdiyin hissləri paylaşmaq. Yəqin ki, "Balı dəyərli edən təkcə dadı deyil, arıların onu necə əzab və əziyyətlə yığmasıdır".
Əvvəlcə səni söyürlər, qəbul etmək istəmirlər, sonra yaxşı olduğunu görəndə başlayır böhtanlar, yalanlar və bu belə səni sındırmayanda istəyirlər səni təkrarlasınlar, özlərini oxşadıb sənin yerinə olmaq istəyirlər, səni əzib çıxmaq istəyirlər və beləcə, bütün bu çirkinliyin içində təmiz mahnılar yaranır.


Getdikcə sətirlər daha ağır və çətin olur və dinləyənlər artıq bir çox mətnləri ümumiyyətlə anlamır...
Sonuncu ildə özümə qapandım və anlamağa çalışdım... Bu millətə bu lazımdırmı? Deyəsən, hamı xoşbəxtdir. Öz maşınları, səyahətləri və bayramları ilə, deyəsən, ümumiyyətlə onlara bu lazım deyil.
Sonuncu il mən çox dəyişdim və ümid edirəm ki, yaxşılığa doğru, çünki yazdıqlarımı dinləyənlər, oxuyanlar onlar nəsə tapdığı kimi bu sətirlərdə, mən də əslində içimdəki insanla daha yaxından tanış oluram.
Beyinlə ruhun tarazlığı və içindəki xislətinlə dil tapa bilmək üçün. Və hər gecə yazarkən, sətirlər səni balaca bir arı kimi məcbur eləyir ən dadlı və xeyirli sözləri içinə çəkib şeirlər yazasan.
Artıq məni susmağa məcbur edən şeylərdən uzaqlaşdım. Həyatımda bir çox tanışları və mənfi adamları sildim. İndi isə tərtəmiz, ağ səhifədən ilk dəfə yazdığım misralara qayıdıram.